İQTİSADİYYAT


“Sınıq körpü” gömrük postunda müşahidə olunmuş nisbi sıxlıq tamamilə aradan qaldırılıb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Son dövrlər Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda müşahidə olunmuş nisbi sıxlıq tamamilə aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2016-cı il tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərin tətbiqi ölkənin bütün gömrük-keçid məntəqələrinin, o cümlədən “Sınıq körpü” gömrük postunun iş rejiminə müsbət təsir göstərib. Belə ki, dəyişikliklərin tətbiqinə qədər xaricə səyahət edən vətəndaşların güzəştli qaydalarla ölkəyə gətirdiyi malların miqdarına müəyyən məhdudiyyətlər qoyulsa da, vaxt baxımından qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmayıb. Nəticədə son illər fiziki şəxslərin, xüsusilə sərhədyanı ərazilərdə yaşayan əhalinin gün ərzində bir neçə dəfə qonşu ölkələrə gedərək gömrük ərazisinə gətirdikləri malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhdlər göstərilir, bu da öz növbəsində həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınmaya, həmçinin qeyd olunan malların qaçaqmalçılığı hallarının artmasına, gömrük-keçid məntəqələrində sıxlığın yaranmasına səbəb olub.

Belə ki, xüsusilə sərhəd rayonlarda yaşayan sakinlərin bir qisminin bəzən gün ərzində 2-3 dəfə qonşu ölkələrə səyahət etdiyi, hər dəfə geri dönüşdə isə özləri ilə siqaret, alkoqollu içkilər və ərzaq məhsulları gətirdiyi müşahidə olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda edilən dəyişikliklərə əsasən hər bir vətəndaşın bu güzəştlərdən təqvim ayı ərzində yalnız bir dəfə yararlanacağının qeyd olunması həm dövlət büdcəsinə daxilolmaların miqdarının artmasına, qaçaqmalçılıq hallarının azalmasına və gömrük məntəqələrindən rahat keçidin təmin olunmasına münbit şərait yaradıb.

Qeyd edək ki, belə halların mütəmadi yaşandığı Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda bəzən bu kimi qanun pozuntularına cəhdlər olsa da gömrük orqanları tərəfindən bu cəhdlərin qarşısı alınır və heç bir sıxlıq müşahidə olunmur, nəqliyyat vasitələrinin, sərnişinlərin rahat keçidi tam təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.