DÜNYA
Şinzo Abe Yaponiya Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb
Tokio, 3 avqust, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransında bildirib.
Xəbər verdiyimiz kimi, avqustun 3-də Nazirlər Kabinetinin fövqəladə iclasında nazirlər istefa barədə ərizələrini Şinzo Abeyə təqdim ediblər. Həmin gün səhər hakim Liberal Demokratik Partiyanın (LDP) da fövqəladə iclası keçirilib və rəhbər vəzifələrə təyinatlar elan edilib.
Yeni təyinatlara əsasən, Yaponiya xarici işlər naziri vəzifəsini əvvəllər administrativ islahatlar naziri vəzifəsini icra edən Taro Kono tutub. Sabiq xarici işlər naziri, gələcəkdə LDP-nin sədri vəzifəsinə ən real namizəd hesab edilən Fumio Kişida isə partiya siyasəti üzrə şuranın sədri təyin edilib.
Müdafiə naziri vəzifəsini əvvəllər həmin vəzifədə çalışmış İtsunori Onoderu tutub. Hökumətdə dəyişikliklərə qədər o, LDP-nin siyasi şurasının sədri vəzifəsini icra edib.
Baş nazirin müavini, maliyyə naziri Taro Aso, Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko, nəqliyyat naziri Keyiçi İşii öz vəzifələrini saxlayıblar.
Yaponiya administrativ islahatlar naziri vəzifəsinə partiya fraksiyalarından heç birində təmsil olunmayan Seyko Noda, iqtisadiyyatın bərpası naziri vəzifəsinə isə Toşimitsu Moçeqi təyin edilib.
Okinava və Şimal torpaqları naziri vəzifəsini Tetsuma Esaki, Tokio-2020 Olimpiya oyunlarının hazırlanması üzrə nazir vəzifəsini isə Syuniçi Suzuki tutublar.
Əvvəllər kənd təsərrüfatı naziri olmuş Yoşimasa Hayaşi təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, Ken Sayto isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri təyin ediliblər.
Nazirlər Kabinetinin yeni tərkibi Yaponiya İmperatoru Akihitonun iştirakı ilə keçiriləcək mərasimdən sonra rəsmi fəaliyyətə başlayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio