DÜNYA
Şinzo Abe cari ildə iqtisadiyyatın əsas prioritet olacağını bildirib
Tokio, 5 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe yeni ildə iqtisadiyyatın əsas prioritet olacağını və ölkənin deflyasiyadan çıxması üçün bütün gücünü sərf edəcəyini bildirib.
Bu barədə Şinzo Abe yanvarın 4-də Yaponiyanın mərkəzi hissəsində yerləşən İse şəhərində keçirilən mətbuat konfransı zamanı bəyan edib. Baş nazir, həmçinin vurğulayıb ki, hökumət Konstitusiyanın qəbul olunmasının 70-ci ildönümündə “yeni milli dövlət quruculuğu” xəttini yerinə yetirməyə çalışacaq.
Baş nazir bildirib ki, cari ildə bir çox ölkələrdə liderlərin dəyişəcəyini nəzərə alaraq, o ilin böyük dəyişikliklər gətirəcəyini düşünür. Ş.Abe qeyd edib ki, baş verəcək dəyişikliklərin mahiyyətinin qabaqcadan bilinmədiyi belə illərdə müəyyən edilmiş xəttə sadiq qalmaq mühüm əhəmiyyətə malikdir.
Baş nazir vurğulayıb ki, parlamentin cari il yanvarın 20-də başlayacaq növbəti sessiyası gələcəyə qapılar açacaq.
Ş.Abenin sözlərinə görə, hökumətin vəzifəsi abenomikanın həyata keçirilməsini və iqtisadi yüksəlişi təmin etməkdir. Bu məqsədə çatmaq üçün bütün gücünü sərf etməyə hazır olduğunu vurğulayan Baş nazir deyib ki, hazırda bütün diqqət 2017-ci maliyyə ili üçün dövlət büdcəsinin qısa müddətdə təsdiqinə yönəldilməlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio