CƏMİYYƏT
Siqaret çəkməklə insanın ağciyərinin normal quruluşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir VİDEO
Bakı, 12 dekabr (AZƏRTAC). Ürək çatışmazlığı və ağciyər xərçəngi son dövrün ən təhlükəli xəstəliklərindəndir.
Əlbəttə, bu xəstəliklər həm genetik, həm də sonradan qazanılmış da ola bilər. Yəni, insan bilərəkdən və ya bilməyərəkdən öz ömrünün qısalmasında bilavasitə iştirak edir, desək, yanılmarıq. Çünki siqaret çəkməklə bu xəstəliklər arasında güclü bir əlaqə vardır. Siqaret çəkənlərin bəziləri bunu dəb üçün, bəziləri arıqlamaq məqsədi ilə, bir qrup insan isə bunu məşğuliyyət üçün edir. Siqaret orqanizmi məhv etdikdə artıq ondan imtina etməyin də bir faydası olmur. Bu səbəbdən də həkimlər siqareti daha tez təngidənlərdə xəstələnmə nisbətinin az olduğunu bildirirlər.
Siqaret çəkməklə insanın ağciyərinin normal quruluşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir.
Siqaret çəkənlərdə xroniki öskürək, bəlğəm və nəfəs darlığı olur. Tənəffüs yolu infeksiyaları da siqaret çəkənlərdə daha çoxdur.
Siqaret çəkməklə ağciyər xərçəngi arasında əlaqənin olduğu 1964-cü ildə təsdiqlənmişdir. Daha sonra isə bu, daha dəqiqləşdirilmişdir. Gündə 1 qutu siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riski 10 qat çox olduğu halda, 2 qutu çəkənlərdə isə risk 25 qat artmaqdadır. Son illərdə isə qadınlar arasında da siqaret çəkənlərin sayının artması onlarda da ağciyər xərçəngi riskini artırmışdır.
Əgər siz siqaret çəkmirsinizsə, heç də sevinməyə tələsməyin. Çünki çəkənlər tərəfindən siqaretin mənfi təsirlərinə məruz qala bilərsiniz. Bu zaman siz passiv siqaret çəkən hesab olunursunuz. Passiv siqaret çəkmə yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməsidir. Passiv siqaret çəkmək bəzi hallarda hətta ağciyər xərçənginə gətirib çıxarır.
Araşdırmalar isə göstərir ki, dünyada il ərzində passiv siqaret çəkməkdən nə az, nə də çox düz 600.000 adam dünyasını dəyişir.
Sonda isə onu demək istərdik ki, əgər siqaret çəkən hər kəs bəlkə həyatı boyu siqaretin dadını belə bilməyən ona ən yaxın və doğma olan insanların ağciyər xərçənginə yoluxmasına səbəb olursa, bizcə hamılıqla siqaretə yox deməliyik!