CƏMİYYƏT


Siqaret qoxusunu sevməyən laşenaliya

Bakı, 30 may, AZƏRTAC

Ekzotik bitki sayılan laşenaliya ilə ilk tanışlıq 1686-cı ildə Afrikanın Kap vilayətinin qubernatorunun jurnalında dərc olunan akvarel rəsmi ilə başlanılıb. Avstriyalı botanika professoru Yozef Frans fon Jaken 1784-cü ildə onun adını isveçrəli botanik Verner de Laxealın şərəfinə verib.

Laşenaliya vaxtilə yabanı halda yalnız Afrikada bitirdi. İndi onun 100-dən artıq növü digər ərazilərdə də geniş yayılıb. Bitkinin yarpaqları parıltılı və ləkəlidir. Hər bitkidə 10-a qədər yarpaq və 10-dan 40-a qədər çiçək olur.

Ev şəraitində laşenaliyanın əsasən aloyebənzər növü yetişdirilir. Həmin növün uzunluğu 20 santimetrə qədər olan tünd-yaşıl rəngli uzunsov yarpaqları var. Onun sortlarını yarpaqlarının rənginə görə ayırd edirlər: Arlekin sortunun gülləri tünd-çəhrayı, Naida sortunun çiçəkləri sarı ləkəli ağ rəngdə, Ro sortunun gülləri isə narıncı çalarlıdır.

Laşenaliya çox həssas otaq bitkisidir, hətta onun olduğu otaqda siqaret çəkiləndə dərhal hava dəyişilməlidir, düzgün qulluq ediləndə avqustun axırından yazın ortalarına qədər çiçək açır. İşıqsevən bitkidir, lakin yayılmış işığı daha çox sevir, həddən artıq şor və duzlu torpaqları sevmir.

Onu həm soğanaq, həm də toxumla çoxaltmaq olur. Soğanaq eni təxminən 15 santimetr olan drenaj edilmiş dibçəkdə 1,5-2 santimetr dərinliyə əkilir, artıq ikinci il çiçəkləməyə başlayır. Toxumla çoxalma isə bitkinin üçüncü ili aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.