CƏMİYYƏT


Şirkət rəhbərinin qanunsuz əməlləri ifşa olunub

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq qeyri-neft sektorunun daha sürətli inkişafının əsas məqsəd elan olunduğu hazırkı vaxtda bu sahənin xüsusi prioritet kimi qəbul edilməsi ölkəmizin iqtisadi potensialının yüksəldilməsinə əsaslı töhfə verib. Ölkənin biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara hərtərəfli şərait yaradılıb, iqtisadiyyatın inkişafı üçün lazım olan hüquqi baza, şəffaf iqtisadi-maliyyə sistemi daha da təkmilləşdirilib, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi istiqamətində fundamental islahatlar həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəzi sahibkarlar tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Belə ki, müxtəlif şirkətlərin adından hüquqi şəxs kimi bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədhəsən Tağıyev direktoru olduğu “Baqira” və “Export Council Azeritrade” MMC adlı şirkətlərin guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə “Kredobank” ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 5 milyon 620 min manat və 4 milyon 500 min manat, ümumilikdə, 10 milyon 120 min manat məbləğində kredit vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

M.Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən “Kredobank” ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.