DÜNYA
Şirkətlərdə kadrlar şöbəsini əvəz edən kompyuter proqramı hazırlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Yaponiya şirkətləri praktikada bu və ya digər proseslərin avtomatlaşdırılmasını nəzərdə tutan süni intellektin hazırlanmasına böyük diqqət yetirirlər.
AZƏRTAC “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, “NEC” şirkətinin son texnologiyalarından biri məqsədi gələcəkdə müəssisələrdə kadrlar şöbəsini tam əvəzləyəcək əməkdaş seçimi sistemidir. Proqramın tətbiqi namizədlə ilkin müsahibənin insanla deyil, kompyuterlə aparılmasını nəzərdə tutur. Proqram təminatı vasitəsilə təqdim edilən CV, eləcə də namizədin keçdiyi seçmə testlərin sınaqları avtomatik təhlil edilir. Məlumatlar əsasında kompyuter kadrlar şöbəsinin əməkdaşlarına işə qəbul ediləcək şəxslə bağlı tövsiyələr verir.
Mütəxəssislərin fikrincə, proqramın tətbiqi mütəxəssis kadrların saxlanılması üçün xərcləri xeyli azaltmağa, eləcə də ilkin seçim mərhələsində insan amilini aradan qaldırmağa imkan verəcək.
“Hitachi” şirkəti də süni intellekt üzərində işi davam etdirir. Şirkətin mühəndisləri işçiyə iş vaxtının təşkili ilə bağlı tövsiyələr verən fərdi cihaz hazırlayıblar. Cihaz əməkdaşın hansı hərəkətlər etməsini, bu və ya digər yerdə nə qədər vaxt keçirməsini, az və ya çox istirahət etməsini, həmkarlarla sıx əlaqə saxlayıb-saxlamamasını qeydə alır.