SİYASƏT


Sirociddin Aslov: Tacikistan-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan-Tacikistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibətilə xarici işlər nazirləri Elmar Məmmədyarov və Sirociddin Aslov arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubda Azərbaycan və Tacikistan xalqları və dövlətləri arasında mövcud tarixi, mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq, qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.

E.Məmmədyarov Tacikistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin bundan sonra da Azərbaycan və Tacikistan xalqlarının rifahının yüksəlməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, əlaqələrin dinamik inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Sirociddin Aslov Elmar Məmmədyarova ünvanladığı məktubda Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrdə inamla irəlilədiyini bildirib.

S.Aslov məktubda Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar cari ilin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində Azərbaycan və Tacikistan arasında bərabərlik və əməkdaşlıq prinsipləri üzərində ikitərəfli sıx əlaqələrin qurulmasına nail olunduğunu diqqətə çatdırıb.

Nazir Tacikistan və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində möhkəmlənəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.