REGİONLAR
Şirvan Milli Parkı zəngin flora və faunası ilə turistləri özünə cəlb edir
Salyan, 24 may, Mahir Babayev, AZƏRTAC
Şirvan Milli Parkı Qafqazda, o cümlədən Avropada ceyranların kütləvi şəkildə qorunduğu yeganə məkandır. 2003-cü ildə yaradılan parkda hazırda 8 minə yaxın ceyran var.
Şirvan Milli Parkının direktoru Elşən Məcidov AZƏRTAC-a bildirib ki, ərazidə şirin su ehtiyatı normadan çox aşağı olsa da, bunun əksinə, parkda zəngin flora və fauna mövcuddur.
Yayı quraq keçən, mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlimin hökm sürdüyü bu məkanda 230 quş növünə rast gəlinir. Onlardan da 70-ə yaxını daimi məskunlaşıb. Quş növlərindən 34-ü Azərbaycan və Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına salınmaqla qanunla qorunur.
Miqrasiya edən quşların əsas sığınacaq yeri olan Qızılqaz gölündə, eləcə də parkın ərazisindən keçən kollektorda 10-dan çox balıq növü də var.
Bütün fəsillərdə göz oxşayan Şirvan yarımsəhrası baharda daha gözəl olur. Zəngin bitki örtüyü Milli Parkda sanki ecazkar sənət əsəri yaradır. Ümumilikdə isə ərazidə olan 82 növ bitki örtüyü rəngarəngliyi ilə insanın ruhunu oxşayır.
Bu gözəl məkana səyahət etməklə Xəzər dənizinin gözəlliyini də görmək mümkündür. İsti havalarda çimərlikdə sərinləməklə yanaşı, həm də dənizin ağuşuna aldığı tarixi keçmişimizlə də tanış olmaq olar.
Milli Parka gələnlər ərazidə palçıq vulkanlarını da yaxından izləyə, Bəndovan dağından ətrafın panoramını seyr etməklə, təbiətin yaratdıqlarından zövq ala bilərlər.
Ümumi sahəsi 66 min kvadratmetrə yaxın olan parkın ərazisində marşrutlar yaradılarkən biomüxtəlifliyin qorunmasına xüsusi diqqət yetirilib. Marşrutlar turistlərin rahat və əhatəli şəkildə gəzməsini təmin etməklə, təbiətin yaratdıqlarına xətər vermədən, heyvanların daha az məskunlaşdığı yerlərdən salınıb.
Parka gələn burada suda-quruda yaşayanların 4, sürünənlərin isə 17 növü ilə də tanış ola bilərlər. Hətta dünyada nəsli kəsilmək təhlükəsi olan, nadir növ hesab edilən Aralıq dənizi tısbağası da Milli Parkda qorunur.