CƏMİYYƏT
Şirvan Milli Parkında baş verən yanğının qarşısı alınıb
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 15-də gecə saat 22:00 radələrində Salyan rayonunun Dağüstü kəndinin inzibati ərazisində baş verən yanğın güclü küləyin əsməsi səbəbindən Şirvan Milli Parkının ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Salyan Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğının qarşısının alınması üçün əsasən əl əməyindən, həmçinin müvafiq texniki vasitələrdən istifadə olunub. Saat 23:00 radələrində alov tamamilə söndürülüb. Yanğın nəticəsində Milli Parkın təxminən 8 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.