İQTİSADİYYAT


Şirvan Şəhər İcra Hakimiyyətində və tabeliyində olan təşkilatlarda həyata keçirilmiş auditin nəticələri açıqlanıb

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Şirvan Şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

AZƏRTAC Hesablama Palatasına istinadla xəbər verir ki, Şirvan şəhəri Aran iqtisadi rayonuna daxil olmaqla, ərazisi 30 kvadratmetr, əhalisi ötən il yanvarın 1-nə 82,9 min nəfərdir. 2016-cı il yanvarın 1-nə mənzil fondunda özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 193870 kvadratmetr, dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi 140365 kvadratmetr, fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsi 185606 kvadratmetr təşkil edib. Dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hesabına 2014-cü ilin əvvəlinə olan göstərici ilə müqayisədə özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi bu il aprelin 1-nə 3,7 faiz çox olub.

Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4817,0 min manat məbləğində vəsait əhatə olunub.

Şirvan Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər kvadratmetrə düşən xərci araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib.

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib.

Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib.

Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb.

Auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib.

Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb.

Hesablama Palatasının kollegiyası Şirvan Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şirvan Şəhər İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.