REGİONLAR
Şirvan şəhəri Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri qarşılamağa hazırlaşır
Şirvan, 29 may, Mahir Babayev, AZƏRTAC
Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri yüksək səviyyədə qarşılamaq üçün bölgələrdə də hazırlıq işləri görülür. İlk növbədə, abadlıq-quruculuq işlərinə xüsusi fikir verilir. Bu baxımdan Şirvan şəhərində də bir sıra vacib tədbirlər reallaşdırılır.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Şəfahət Əsgərov AZƏRTAC-a bildirib ki, idman bayramı ab-havası yaratmaq üçün əksər yerlərdə, əsasən şəhərin girişində, eləcə də istirahət parkları və əhalinin daha çox toplaşdığı yerlərdə birinci Avropa Oyunlarının loqosu və təbliğat lövhələri quraşdırılıb. Şəhərə gələn qonaqların mədəni istirahətini təmin etmək üçün yay kino-teatrı da bərpa edilir. 500 yerlik mədəniyyət obyekti Oyunlar başlayanadək hazır olacaq.
Bütün bunlarla yanaşı, əhalinin rahatlığını təmin etmək, eləcə də şəhəri gözəlləşdirmək məqsədilə məhəllələr də abadlaşdırılır. Artıq 23 məhəllə yenidən qurulub. Şəhərin küçələrində gül-çiçək əkilib, istirahət parklarında yaşıllıqlar salınıb.