REGİONLAR


Şirvan şəhərində Gənclər evi istifadəyə verilib

Şirvan, 6 iyul, AZƏRTAC

İyulun 6-da Şirvan şəhərində yeni inşa edilmiş Gənclər evinin açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Şirvan şəhər Gənclər evi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa olunub.

Şirvan Gənclər evi 3 mərtəbədən ibarətdir. Binanın zirzəmisində gənclər klubu, masaüstü oyunlar, bilyard, fitnes, stolüstü tennis zalları və anbar yerləşir. Birinci mərtəbədə iş otaqları, fiziki imkanları məhdud gənclər üçün ünsiyyət klubu, internet klub, gənclərin intellektual klubu, yaşayış otağı (5 otaq 10 çarpayılıq), xidməti təsərrüfat otağı, mətbəx, ikinci mərtəbədə kompüter qrafikası dərnəyi, rəsm studiyası, texnika və ixtiraçılıq klubu, gənc iqtisadçılar klubu, psixososial reabilitasiya xidməti, ekologiya dərnəyi, kitabxana, karyera mərkəzi, peşəyönümü mərkəz, vətənpərvərlik klubu, sərgi zalı, xarici dillər klubu, video studiya, ölkəşünaslıq dərnəyi, toxuculuq və tikiş dərnəyi, istedadların hazırlığı laboratoriyası, üçüncü mərtəbədə isə 108 nəfərlik akt zalı, hazırlıq otağı, kiçik toplantı zalı var.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: “Şirvan şəhəri də daxil olmaqla, bu gün ölkəmizdə 39 Gənclər evi fəaliyyət göstərir. Qarşıdakı müddətdə daha 4 Gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulub. Əminəm ki, şirvanlı gənclərin bir araya gəlməsində, onların müxtəlif layihə və ideyalarının həyata keçirməsində bu gün istifadəyə verilən Gənclər evinin xüsusi rolu olacaq”.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə Prezidentinin və Birinci vitse-prezidentin istəyi və məqsədi Azərbaycan gəncini ağıllı, savadlı, xoşbəxt görməkdir. Regionlarda belə mərkəzlərin tikilməsi gənclərin oxumaq, öyrənmək, öz bilik və bacarıqlarını təkmilləşdirmək, ünsiyyət yaratmaq, asudə vaxtlarından səmərəli istifadə etmək üçün ideal imkandır.

Yusuf Məmmədəliyev Ermənistanın atəşkəsi növbəti dəfə pozması və dinc sakinlərin qətlə yetirilməsi faktına toxunaraq deyib: “İki gün öncə balaca Zəhranın başına gələn hadisə göstərir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan hakimiyyəti, onun hərbi birləşmələri atəşkəsi pozaraq, dinc əhalini Xocalı soyqırımı zamanı olduğu kimi öz evində, öz torpağında öldürür. Lakin Azərbaycan dövləti və xalqı inanır ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu problemin ədalətli həllində müstəsna rol oynayacaq. Allah şəhidlərimizə rəhmət eləsin!”

Sonra qonaqlar Gənclər evində yaradılan şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.