İQTİSADİYYAT
Şirvan şəhərinin şəhərsalma kadastrı hazırlanıb
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin paytaxt və iri şəhərlərin şəhərsalma kadastrının hazırlanması ilə bağlı müvafiq göstərişinə uyğun olaraq Şirvan şəhərində keçirilmiş pilot layihə başa çatdırılıb. Şirvan şəhərinin şəhərsalma kadastrını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi tenderin qalibi olmuş Litvanın Hnit Baltic şirkəti və onun ölkəmizdəki tərəfdaşı “İntegris” MMC aparıb.
AZƏRTAC xəbər verir ki, mayın 6-da Bakıda keçirilən təqdimat mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın sədrinin müavini Dövlətxan Dövlətxanov layihə barədə ətraflı məlumat verib, şəhərsalma kadastrı məlumatlarından istifadə perspektivlərindən bəhs edib. Bunun ölkəmizdə şəhərsalma kadastrının yaradılması sahəsində ilk belə layihə olduğunu diqqətə çatdıran D.Dövlətxanov Şirvan şəhərinin pilot layihə ərazisi kimi təsadüfi seçilmədiyini qeyd edib. Şirvan Azərbaycanın əhali sayına görə 5-ci şəhəridir. Bura ölkəmizin mühüm iqtisadi mərkəzlərindən sayılır. Şirvanın şəhərsalma kadastrının hazırlanması üzrə işlər bir neçə il davam edib. Bu pilot layihə əsasında növbəti belə tədbirlər üçün də lazımi təcrübə toplanıb. Növbəti illərdə Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin də elektron şəhərsalma kadastrının hazırlanması nəzərdə tutulur.
Layihə rəhbəri Raivaras Klypsas də şəhərsalma kadastrının müasir tələblərə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, layihənin icrasında kartoqrafiya, coğrafiya kadastr, coğrafi informasiya sistemləri və informasiya texnologiyaları sahəsində 80-dən artıq yüksək ixtisaslı işçi heyəti iştirak edib. Burada əsas diqqət Avropa modellərinə yönəlib. Şəhərsalma kadastrı güclü informasiya sistemlərinə inteqrasiya edilərək tam avtomatlaşdırılıb.
“İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov isə bildirib ki, layihənin hazırlanmasında 3 əsas prinsip qarşıya qoyulub: coğrafi informasiya sistemi əsasında Şirvan şəhərinin baş planının hazırlanması; Şirvan şəhər ərazisinin zonalaşdırma sxeminin tərtibi; şəhərin baş planı əsasında müəyyən edilmiş 50 hektar ərazinin müfəssəl planının hazırlanması.