REGİONLAR
Şirvan şəhərinin təhsil müəssisələri yeni dərs ilinə hazırdır
Şirvan, 1 sentyabr, Mahir Babayev, AZƏRTAC
Yeni tədris ilinin başlanmasına az qalıb. Bununla əlaqədar respublikamızın bütün təhsil ocaqlarında, ümumtəhsil məktəblərində hazırlıq işləri başa çatmaq üzrədir - şəhər və kəndlərdə yeni məktəb binaları tikilib, köhnə binalar təmir olunub, avadanlıqlar yeniləri ilə əvəzlənib. Məktəblərin maddi-texniki bazaları yenilənib. Bütün bunlar isə təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir.
AZƏRTAC xəbər verir ki, Şirvan şəhərinin tədris ocaqlarında da yeni dərs ilinə ciddi hazırlıq işləri görülüb. Artıq şəhərin 16 ümumtəhsil məktəbində cari və əsaslı təmir işləri yekunlaşıb.
1965-ci ildə tikilib istifadəyə verilən, lakin o vaxtdan bəri bir dəfə də olsun təmir işləri aparılmayan 10 nömrəli məktəbin binasında isə əsaslı təmir işləri aparılıb. 850 şagirdin təhsil aldığı məktəb binası demək olar ki, yenidən tikilib. Binada bütün sinif otaqları, fənn kabinələri, idman zalları əsasli təmir olunub, köhnə istilik sistemləri yenisi ilə əvəzlənib. Məktəb yeni dərs ilində tamamilə yenilənmiş şəkildə pedaqoji kollektivlərin istifadəsinə veriləcək.