REGİONLAR
Şirvan və Hacıqabulda milli-mənəvi dəyərlərin qorunması yolları müzakirə edilib
Şirvan, 3 noyabr, Mahir Babayev, AZƏRTAC
Şirvanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Mən həyatı seçirəm” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının qərargahında gənclərin iştirakı ilə keçirilən tədbirdə erkən nikah, qan qohumluğu, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzinin formalaşdırılması, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və s. məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Son illər Azərbaycan qanunvericiliyinin milli adət-ənənələrə əsaslanaraq formalaşdırılması və inkişafı, ailə münasibətlərini tənzimləyən bir sıra normativ hüquqi aktların qəbulu ölkəmizdə sağlam ailələrin formalaşmasında vacib rol oynayıb.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva çıxışında gənclərin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə, həmçinin narkomaniyanın cəmiyyətə, dövlətə, ailə dəyərlərinə vurduğu fəsadlardan da söz açılıb, bu ümumbəşəri bəlaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün, xüsusilə gənclərin daha fəal rol oynamasının zəruriliyi diqqətə çatdırılıb.
Sonda gənclərin sualları cavablandırılıb.
“Mən həyatı seçirəm” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Hacıqabul rayonunda keçirilib. Tədbirdə milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb, ziyanlı vərdişlərin yaratdığı fəsadlardan söz açılıb.