REGİONLAR
Şirvanda 100 yerlik uşaq bağçasının tikintisi başa çatıb
Şirvan, 2 avqust, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində müasir tələblərə cavab verən 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan məktəbəqədər tədris müəssisinin tikintisinə ötən ilin payızında başlanılıb. Şəhərin Məmmədəmin Rəsulzadə küçəsində tikilən ikimərtəbəli bina müasir tələblərə tam cavab verir. Bağçanın yataq, oyun və tədris otaqları lazımi inventarlarla təchiz edilib, mətbəxdə müasir avadanlıqlar quraşdırılıb.
Körpələr evində istilik sistemi qurulub, su və qaz xətti çəkilib. Dayanaqlı enerji üçün transformator yarımstansiyası qoyulub. Tədris müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Uşaqların açıq havada əylənməsi üçün oyun meydançaları yaradılıb və müvafiq qurğular quraşdırılıb. Bağçada körpə fidanların təlim-tərbiyəsi üçün bütün zəruri işlər görülüb.
Məktəbəqədər tədris müəssisəsinin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.