QAN YADDAŞI
Şirvanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Şirvan, 19 yanvar, Mahir Babayev, AZƏRTAC
Şirvanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi olan 20 Yanvar faciəsindən danışıb. Bildirib ki, 27 il əvvəl sovet qoşunlarının qarşısına əliyalın çıxan Azərbaycan xalqı öz müstəqilliyi və suverenliyi yolunda mübarizlik əzmini bir daha ortaya qoydu.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə və başqaları sovet hərbi birləşmələrinin 1990-cı ilin yanvarında xalqımızın başına gətirdiyi müsibətlərdən danışıblar.
Məktəblilər Vətənə, torpağa həsr edilən şeirlər söyləyib, faciəyə həsr olunan ədəbi-bədii kompozisiyalar göstəriblər.