REGİONLAR


Şirvanda Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd olunub

A+ A

Şirvan, 5 oktyabr Mahir Babayev, AZƏRTAC 

Şirvanda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra keçirilən mərasimdə çıxış edən şəhər təhsil şöbəsinin nümayəndəsi Rövşən Allahverdiyev bildirib ki, Azərbaycanda gedən inkişaf prosesləri təhsil sistemində də nəzərəçarpan dəyişiklik və ürəkaçan mənzərə yaradıb. Respublikada uğurla həyata keçirilən təhsil islahatı pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub. Şəhərin ümumtəhsil məktəblərində çalışan müəllimlər bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edirlər.

Qeyd olunub ki, şəhər üzrə 16 təhsil ocağı fəaliyyət göstərir. Bu məktəblərdə 11 min 444 şagird təhsil alır, şagirdlərin təlim-tərbiyəsi ilə 907 müəllim məşğul olur.

Diqqətə çatdırılıb ki, bu il ümumtəhsil məktəblərini bitirən 708 şagirddən 225 nəfəri respublikanın müxtəlif təhsil müəssisələrinə qəbul olunub. Məzunlardan 25 nəfəri 600-dən yuxarı, 34 nəfəri isə 500-600 arası bal toplayaraq tələbə adını qazanıb.

Daha sonra çıxış edən şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.

Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan natiq Şirvan şəhərində bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açan Mərdan Camalov son illərdə şəhərdə bir neçə məktəbin əsaslı təmir olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Sonda “İlin müəllimi” və “İlin məktəbi” müsabiqələrinin qalibi olan iki müəllimə və iki direktora, həmçinin bir qrup qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.