REGİONLAR
Şirvanda Milli Qurtuluş Günü qeyd olunub
Şirvan, 13 iyun, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhər Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsi və Mərkəzin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyevin Azərbaycanda tarixi qurtuluş missiyası” adlı elmi-nəzəri konfransda Ümummilli Liderin ölkəmizin müstəqilliyi və inkişafındakı müstəsna xidmətlərindən söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyevanın məruzəsi dinlənilib. Bildirilib ki, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan proseslər Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə ağır durumda, 1993-cü il iyunun 15-də dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu, inkişaf yoluna çıxdı. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Sonra çıxış edən 1 nömrəli tam orta məktəbin tarix müəllimi Elnur Novruzov, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, şəhər icra hakimiyyətinin baş məsləhətçisi Adəm Hüseynov, zabit Azad Ağayev 1993-cü ilin ağır iyun günlərində ölkənin təhlükəli vəziyyətdə olmasından, eləcə də xalqın təkidli xahişlərini nəzərə alan Heydər Əliyevin iyunun 9-da Naxçıvandan Bakıya gəlməsindən, ölkəni bürüyən təhlükənin Ulu Öndərin tarixi qayıdışı ilə aradan qaldırılmasından, xalqımızın faciələrdən xilas olmasından danışıblar.
Tədbirdə “Gənc Heydərçilər”in çıxışı maraqla qarşılanıb. Sonda “Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir” adlı film nümayiş olunub.