REGİONLAR
Şirvanda iki gün ərzində mindən çox sakin pulsuz tibbi müayinədən keçirilib VİDEO
Şirvan, 16 fevral, Mahir Babayev, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən, bütün bölgələrdə olduğu kimi, Şirvan şəhərində də əhalinin pulsuz tibbi profilaktik müayinəsinə başlanılıb. Aksiya çərçivəsində müxtəlif yaş qruplarından olan 60 min şirvanlı tibbi yoxlamadan keçiriləcək.
AZƏRTAC xəbər verir ki, humanitar aksiya Şirvan şəhər mərkəzi xəstəxanasının poliklinika şöbəsində təşkil olunub. Vətəndaşlar, ilk növbədə, qeydiyyata alınır, sonra müayinədən keçirilirlər. Poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən vətəndaşlar müayinə olunur, xəstəlik aşkar olunan sakinlər müalicəyə cəlb edilirlər. Aksiyanın keçirilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanır.
Poliklinikanın baş həkim müavini Vaqif Ələkbərov AZƏRTAC-a bildirib ki, poliklinika tam hazırlıq vəziyyətinə gətirilib. Təcrübəli həkim və orta tibb personalı aksiyaya cəlb olunub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. İki gündə mindən çox şəhər sakini tibbi müayinədən keçirilib. Kollektivimiz aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün gücləndirilmiş iş rejimində çalışır. Gün ərzində 450-500 nəfərdən çox vətəndaş müayinə olunur.
Qeyd edək ki, pulsuz tibbi müayinə fevralın 15-dən may ayına kimi davam edəcək.