REGİONLAR
Şirvanda sahibkarlar üçün növbəti treninq təşkil olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin investisiyaların təşviqi ilə bağlı imzaladığı fərman və sərəncamlarda nəzərdə tutulmuş tədbirlərin icrası İqtisadiyyat Nazirliyi tərəfindən davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Şirvan şəhərində sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq keçirilib. Treninqdə iştirakçılara ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib, bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilib, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, indiyədək 64 sahibkarlıq subyektinə 67 investisiya təşviqi sənədi, 42 sahibkarlıq subyektinə isə 115 təsdiqedici sənəd verilib. Ümumi investisiya dəyəri 827,9 milyon manat təşkil edən bu layihələr çərçivəsində 5 mindən çox iş yerinin açılması nəzərdə tutulur.