CƏMİYYƏT
Şirvanda selektiv abortların qarşısının alınması ilə bağlı maarifləndirmə işi aparılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində Şirvanda tibb işçilərinin, evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Şirvan Şəhər İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Adəm Hüseynov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı və əhəmiyyətindən danışıb. Mərkəzin rəhbəri Pərvin Məmmədova isə qeyd edib ki, layihənin məqsədi rayonlarda maarifləndirmə işi aparmaqla cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınmasına, abortların sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına nail olmaqdır.
Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir məsələ kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib.
Sonra müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib, selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.