REGİONLAR
Şirvanda ümumi məhsul buraxılışının həcmi 174,7 milyon manat təşkil edib
İmişli, 31 iyul, Mahir Babayev, AZƏRTAC
Şirvanda bu ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, məruzə və çıxışlarda hesabat dövründə şəhərin iqtisadiyyatında əldə edilən nailiyyətlər ətraflı təhlil olunub. Qeyd edilib ki, 2015-ci ilin 6 ayında ümumi məhsul buraxılışı 174,7 milyon manat təşkil edib. İstehsal olunmuş məhsulun 45,3 faizi mədənçıxarma sənayesinə, 8,9 faizi emal sahəsinə, 45,2 faizi elektrik enerjisi, qaz-buxar sahəsinə, 0,6 faizi isə su təchizatı sahəsinə aiddir.
Sənayedə istehsal olunan məhsulun 50,2 faizi dövlət, 49,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. Birinci yarım ildə şəhərdə 132,1 min ton neft, 10,6 milyon kubmetr qaz və 2,8 milyard kvt/saat elektrik enerjisi istehsal edilib, tikinti müəssisələri tərəfindən 8,8 milyon manat həcmində tikinti-quraşdırma işləri görülüb. Bu müddətdə hər işçiyə 396 manat orta aylıq əmək haqqı hesablanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çoxdur. Nəqliyyat müəssisələri tərəfindən 13,5 milyon nəfər sərnişin, 218 min ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 4,3 və 6,1 faiz çoxdur.
Hesabat dövründə şəhərdə əhaliyə göstərilən rabitə, təhsil, səhiyyə və s. xidmətlərin səviyyəsi də xeyli yaxşılaşdırılıb. Əhalinin təbii qaza, elektrik enerjisinə, suya olan tələbatının ödənilməsi sahəsində lazım olan tədbirlər həyata keçirilib. Ötən müddətdə gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində Gənclər və İdman İdarəsi tərəfindən bir sıra işlər görülüb. Dövlət Proqramına uyğun olaraq şəhərdə “Gənclər evi”nin tikintisi davam etdirilir. Obyekt yaxın vaxtlarda gənclərin istifadəsinə veriləcək.
Yığıncaqda qeyd edilib ki, şəhər iqtisadiyyatının dinamik inkişafı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, son nəticədə alıcılıq qabiliyyətinin artmasına səbəb olub. Belə ki, hesabat dövründə pərakəndə ticarət dövriyyəsi 97 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.
Hesabat dövründə Şirvan şəhəri üzrə sahibkarlıq subyektlərinə 59 min 200 manat kredit verilib. Nəticədə şəhərdə xeyli daimi iş yerinin açılması üçün şərait yaranıb.
“Aqrolizinq” ASC-nin Şirvan Regionlararası Təchizat Bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 5 milyon 223 min manat məbləğində 212 lizinq xidməti göstərilib.
Altı ayda Şirvan şəhəri üzrə dövlət büdcəsinin yerli gəlirləri 7 milyon 723 min manat olub. Cari ildə yerli xərclərin 80 faizi və ya 5 milyon 334 min manatı sosial-mədəni tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.
İlin ötən müddəti ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən pensiya və müavinətlərin ödənilməsi məqsədilə 2 milyon 401 min manat vəsait xərclənib. Mərkəz tərəfindən 1110 ailənin 4218 üzvünə 836,5 min manat ünvanlı sosial yardım ödənilib.