REGİONLAR
Şirvandakı Heydər Əliyev Mərkəzində Ümummilli Liderin xatirəsi anılıb
Şirvan, 8 dekabr, Mahir Babayev, AZƏRTAC
Şirvandakı Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev gənclərin əbədiyaşar lideridir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən mərkəzin direktoru Aynur Fərzəliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on üç il keçdiyini xatırladaraq, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxışında Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndərin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi köklü islahatlardan danışıb.
Tədbir mərkəzin nəzdində fəaliyyət göstərən “Gənc Heydərçilər” dərnəyinin üzvləri və 21 nömrəli orta məktəb şagirdlərinin ifasında böyük şairimiz Səməd Vurğunun “Azərbaycan” kompozisiyası və Uşaq Musiqi Məktəbinin xor kollektivinin “Azərbaycan”, “Sən elə bir zirvəsən” adlı musiqi nömrələri ilə başa çatıb.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunan sənədli film nümayiş etdirilib.