REGİONLAR
Şirvanlı məktəblilər şimal-qərb bölgəsi ilə tanışlıq imkanı əldə ediblər
Şirvan, 17 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 17-də səhər saatlarında Şirvan Şəhər İcra Hakimiyyəti qarşısındakı meydanda şəhər rəhbərliyi və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olan şirvanlı şagirdləri şimal-qərb bölgəsinə yola salıblar.
AZƏRTAC xəbər verir ki, yola düşməzdən əvvəl tur-aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər şəhərdəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin işçisi Rafael Nəsirov deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçıları - Şirvan şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Səfər proqramımız olduqca zəngindir. İnanıram ki, şagirdlərimiz ölkənin şimal-qərb bölgəsinə səfərdən xoş təəssüratla qayıdacaqlar”.
Tur-aksiyada iştirak edən şəhər 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavid Şıxəliyev sevinc hissini belə ifadə edib: “Çox sevinirəm. İlk dəfədir ki, tur-aksiyada iştirak edirəm. Şimal-qərb bölgəsini görmək çoxdankı arzum idi. Artıq bu arzum reallığa çevrilib. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.
Sonra tur-aksiyada iştirak edən məktəblilər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər.