CƏMİYYƏT
“Şıxov” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də “Şıxov” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib ki, 2,5 hektar ərazisi olan kompleksin təmir və yenidənqurma işlərinə 2015-ci ilin yanvarında başlanılıb. 102 çarpayılıq bu sanatoriya 1, 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Hər bir otaq daimi isti və soyuq su ilə təmin olunub. Beşmərtəbəli sanatoriya binasının xarici və daxili görünüşü müasir tələblərə uyğundur. Ərazidə yaşıllaşdırma işləri aparılıb, ağaclar və güllər əkilib. Qazanxana binası tamamilə yenilənib, orada olan avadanlıqlar dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətlərinin istehsal etdiyi məhsullarla əvəzlənib.
S.Mehbalıyev əlavə edib ki, AHİK-in nəzdində səkkiz sanatoriya, bir müalicə pansionatı, on istirahət bazası fəaliyyət göstərir. Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları isə mövsümi fəaliyyət göstərir. “Azərbaycan Respublikasinda Kurortların 2009-2018-ci illərdə İnkişafi üzrə Dövlət Proqramı”na toxunan AHİK sədri bu proqramı dövlətin müalicə müəssisələrinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bildirib ki, proqram əsasında növbəlilik prinsipi ilə təmirə ehtiyacı olan bütün sanatoriyalarda yenidənqurma işləri aparılacaq.