SİYASƏT
Siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda sürətli iqtisadi inkişaf müşahidə edilir
Roma, 19 dekabr, AZƏRTAC
“Roma online” portalında italiyalı professor Françesko Kossunun müəllifi olduğu “Azərbaycan: hüquqi və iqtisadi araşdırma, investisiya qoyuluşu və inkişaf üçün imkanlar” kitabı ilə bağlı məqalə yerləşdirilib.
Kitabın təhlil olunduğu məqalədə bildirilir ki, Azərbaycan coğrafi baxımdan İtaliyadan uzaqda yerləşsə də, bir çoxları bu ölkənin mədəniyyətinin, adət-ənənələrinin Qərbdən fərqli olduğunu düşünsə də, əslində Azərbaycanın Avropa ilə bir sıra ortaq dəyərləri mövcuddur.
Yazıda F.Kossunun fikirlərinə də yer verilib. O vurğulayıb ki, kitabda Azərbaycan ilə İtaliya mədəniyyətlərinin yaxınlığı, bu ölkənin Qərb dövlətləri ilə bir çox oxşar cəhətlərə malik olması öz əksini tapıb: “Azərbaycanı araşdırmaq və “Odlar Yurdu” adlanan bu ölkə ilə bağlı kitab hazırlamaq mənim üçün olduqca maraqlı idi. Siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda sürətli iqtisadi inkişaf müşahidə edilir və burada hökumət tərəfindən özəl sektora çox böyük dəstək var. Eyni zamanda, xarici sahibkarlar üçün də əlverişli şərait yaradılıb. Azərbaycanda enerji ehtiyatlarından əldə olunan gəlirlərin digər sektorların inkişafına yönəldilməsi kimi çox məntiqli iqtisadi siyasət həyata keçirilir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma