REGİONLAR
Siyəzən rayonunda kənd təsərrüfatı idarələri üçün inşa edilən yeni inzibati bina istifadəyə verilib VİDEO
Siyəzən, 19 avqust , Elxan Yusifli, AZƏRTAC
Avqustun 19-da Siyəzən rayonunda kənd təsərrüfatı idarələri üçün inşa edilən yeni inzibati bina istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, inzibati binanın açılışından əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra strukturlarının rəhbər işçilərinin, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlərin iştirak etdiyi mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son zamanlar aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı söhbət açılıb. Çıxışlarda qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə, həmçinin aqrar sahədə reallaşdırılan institusional islahatlar haqqında da məlumat verilib.
Sonra tədbir iştirakçıları inzibati binada yaradılan şəraitlə tanış olub, Rayon Baytarlıq İdarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıblar.
Nazir Heydər Əsədov yeni inzibati binada nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən mexanizatorlara sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə maraqlanıb.
Yeni istifadəyə verilən üçmərtəbəli inzibati binada kənd təsərrüfatı idarələri əməkdaşlarının səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Siyəzən rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.
Tədbirdə Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı və Şabran rayonlarından olan 74 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 2 milyon 192 min 332 manat məbləğində 150 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 811 min 358 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 52 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib, müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.
“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 6 min 176 istifadəçinin lizinqə götürdüyü 13 min 568 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 72 milyon 837 min 743 manat məbləğində güzəşt tətbiq edilib.