REGİONLAR
Siyəzən sakinləri səyyar “ASAN xidmət”dən faydalanmaq imkanı qazanıb VİDEO
Siyəzən, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC
Səyyar “ASAN xidmət” dekabrın 5-dən Siyəzən rayonunda fəaliyyət göstərir.
Siyəzənlə yanaşı, ətraf rayonların sakinləri də 15 gün ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
AZƏRTAC xəbər verir ki, son bir həftə ərzində rayonun 1000 nəfərdən çox sakini göstərilən xidmətlərdən faydalanıblar. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Siyəzən səyyar “ASAN xidmət”in qrup rəhbəri Sənan Səmədli bildirib ki, Siyəzən sakinləri dekabrın 19-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar dekabrın 19-dək (saat 9-dan 18-dək) Siyəzən Rayon İcra Hakimiyyətinin inzibati binası yaxınlığında, Babək küçəsi, 52 ünvanında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.