REGİONLAR
Siyəzən şəhər sakini tullantını sənət əsərinə çevirir VİDEO
Siyəzən, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Qeyri-adi məşğuliyyəti ilə tanınan Siyəzən şəhər sakini Cavid Yəhyayev insanları təəccübləndirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Cavid Yəhyayev bundan əvvəl yararsız avtomobil şinlərinə “yeni həyat” bəxş etməklə düzəltdiyi heyvan, quş fiqurları və müxtəlif formalı dibçəklərlə diqqət çəkməyi bacarmışdı. İndi isə o, istifadə olunmuş şirə qablarından müxtəlif qeyri-adi fiqurlar hazırlamağa başlayıb.
Üç ay ərzində yararsız şirə qablarından hazırlanan maraqlı eksponatların sayı 10-dan çoxdur. C.Yəhyayev ənənəsinə sadiq qalaraq daha çox heyvan, quş, böcək və s. fiqurlar hazırlayıb. Onun düzəltdiyi əşyalar arasında ən diqqətçəkəni it və motosikletdir.
Bir fiqurun hazırlanmasına təxminən 2-3 saat vaxt sərf olunur. C.Yəhyayevin belə əl işlərini düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.
İyirmi ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yəhyayev yararsız avtomobil şinlərindən hazırladığı əl işləri ilə IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisində iştirak edib. Onun kolleksiyasında yarasız təkərlərdən düzəltdiyi 40-dan çox qeyri-adi fiqur yer alır.
Artıq 5 ildir ki, tullantılara ikinci həyat verən C.Yəhyayev yaxın gələcəkdə taxtadan küləklə hərəkət edə bilən fiqurlar düzəltmək istəyir. Siyəzənli mühəndis bu sənəti inkişaf etdirmək və kiçik biznes qurmaq niyyətindədir.