REGİONLAR
Siyəzəndə 861 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunacaq VİDEO
Siyəzən, 21 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə çəkilən Ceyranbatan-Siyəzən paylayıcı su kəmərinin tikintisi sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində rayonda 861 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunacaq.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında “Körpü-Bina-Tikinti” MMC tərəfindən inşa edilən Ceyranbatan-Siyəzən paylayıcı su kəmərinin ümumi uzunluğu 28 min 790 metr olacaq.
İş icraçısı Anar İmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, kanalın çəkilməsi ilə əlaqədar işlərin 60-70 faizi həyata keçirilib. Hazırda 600-900 millimetrlik şüşə lifli və polietilen su boruları torpağa basdırılır. Artıq suvarma kanalının 18 kilometri hazırdır.
Siyəzəndə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi Taxtakörpü-Ceyranbatan su kanalından götürülən suyun hesabına reallaşacaq. Kanaldan götürülən su Ceyranbatan-Siyəzən paylayıcı su kəməri vasitəsilə rayon ərazisinə veriləcək.
Siyəzən Sudan İstifadə Edənlər Birliyinin sədri Hətəm Məhərrəmov AZƏRTAC-a deyib ki, Ceyranbatan-Siyəzən paylayıcı su kəməri istifadəyə verildikdən sonra Siyəzəndə suvarılan torpaq sahələri təxminən 5 min hektara çatacaq. Onun sözlərinə görə, rayonda yeni istifadəyə veriləcək suvarılan torpaqlarda taxıl və yem məhsullarının əkilməsi daha məqsədəuyğundur.
Ceyranbatan-Siyəzən paylayıcı su kəmərinin tikintisinin 2015-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.