REGİONLAR
Siyəzəndə “Kütləvi çıxarış” kampaniyası təşkil olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən artıq 1 ilə yaxındır ki, davam etdirilən “Kütləvi çıxarış” kampaniyası Siyəzən rayonunda keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, kampaniyanın başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Qeydiyyat xidmətlərini bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim etməklə, vətəndaşların kampaniyadan geniş faydalanmasına nail olmaqdır.
Kampaniya çərçivəsində komitənin yenicə tətbiqinə başladığı “bir pəncərə” prinsipi ətraflı izah olunub. Bildirilib ki, artıq torpaq sahələrinin və daşınmaz əmlakların qeydiyyatı yalnız bir ünvanda - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində aparılır. Kadastr sənədləri, texniki inventarlaşdırma, plan-ölçü sənədlərinin əldə olunması üçün əlavə qurumlara müraciətlər və vaxt itkisi tamamilə aradan qaldırılıb.
Siyəzən rayonunda kampaniya zamanı 250-yə yaxın sakinə daşınmaz əmlakın və torpaqların qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 150-dək vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 100-dən çox vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.
Kampaniya çərçivəsində Siyəzən rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərindəcə qeydiyyat xidmətlərindən faydalanıblar.
Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda “bir pəncərə” sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.
Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində, ümumilikdə 4900-dən çox vətəndaşa xidmət göstərilib.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən mobil ofis xidmətinin aylıq qrafiki yerləşdirilir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilərlər.