REGİONLAR
Siyəzəndə şahmat üzrə rayon birinciliyi keçirilib
Siyəzən, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə yeniyetmə oğlan və qızlar arasında keçirilən şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan yarışda 50-yə yaxın şahmatçı mübarizə aparıb.
Birincilik rayonda şahmat idman növünün inkişaf etdirilməsi, oyununun yeniyetmələr arasında təbliği, perspektivli şahmatçıların üzə çıxarılması məqsədi daşıyıb.
İsveçrə sistemi üzrə iki gün davam edən yarış hakimlər heyəti tərəfindən idarə olunub. Final oyunlarının nəticəsinə əsasən şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Rəşad Sədrəddinov və Humay Ağayeva yarışı birinci yerdə başa vurublar. Oğlanlar arasında Rüstəm Əhmədov II, Murad Ağarəhimov isə III yeri tutub. Qızlar arasında isə Nüşabə Bədəlova II, Nəzrin Allahverdiyeva isə III yerin sahibi olub.
Şahmat üzrə rayon birinciliyində I, II və III yerləri tutan şahmatçılar təşkilatçılar tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.