REGİONLAR


Siyəzəndə şəhid pilot Feyruz Cəlilovun xatirəsi anılıb VİDEO

Siyəzən, 5 iyun, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycanın ilk hərbi pilotlarından biri Feyruz Xanbala oğlu Cəlilovun xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, qəhrəman pilotun ailə üzvlərinin, döyüş yoldaşlarının da qatıldığı anım mərasimi şəhidin doğulub boya-başa çatdığı Məşrif kəndində onun adını daşıyan kənd tam orta məktəbinin qarşısında keçirilib.

Tədbirdə çıxış edənlər 34 yaşında şəhid olmuş F.Cəlilovun şərəfli ömür və döyüş yolu haqqında danışıblar.

Feyruz Cəlilov 1957-ci il mayın 30-da anadan olub. Orta məktəbi bitirdikdən sonra Ukraynada Kremençuq Mülki Aviasiya Təyyarəçilik məktəbində təhsil almağa başlayıb. 1981-ci ildə həmin məktəbi bitirdikdən sonra Zabrat aviamüəssisəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ildə istehsalatdan ayrılmadan Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini uğurla başa vurub.

Qarabağ müharibəsinin ən qızğın vaxtında kapitan Feyruz Cəlilov könüllü olaraq əməliyyatlara qoşulub. Həmin illərdə Azərbaycan hərbi aviasiyasının şəxsi heyəti mülki aviasiyanın pilotları hesabına formalaşırdı. F.Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərib. 1993-cü il avqustun 30-da onun idarə etdiyi helikopter Qubadlı səmasında ermənilər tərəfindən vurulması uçuş heyətinin həlak olması ilə nəticələnib.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Şəhidin oğlu Qabil Cəlilov atasının yolunu davam etdirir. Hazırda Zabrat aviamüəssisəsində çalışan Qabil atası ilə fəxr etdiyini, torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmağa hər an hazır olduğunu bildirib.

Anım mərasimində şəhidin döyüş yoldaşları, onunla birlikdə işləmiş həmkarları çıxış edərək F.Cəlilovun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

Mərasimin sonunda Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin şagirdlərinin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.