REGİONLAR
Siyəzəndə yol hərəkəti qaydalarını pozan 40-dək sürücü inzibati qaydada cəzalandırılıb VİDEO
Siyəzən, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 11-də Siyəzən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində reyd keçirib.
AZƏRTAC xəbər verir ki, axşam saatlarında keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 40-a yaxın sürücü inzibati qaydada cəzalandırılıb. Avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və sürət həddini aşan sürücülərə daha çox rast gəlinib. İki sürücünün isə avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib. Bununla yanaşı, şəhər ərazisinə iritonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan, bu qaydanı pozan nəqliyyat vasitələri də saxlanılaraq duracağa aparılıb.
Siyəzən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin müfəttişi Nail Əliyev bildirib ki, bu kimi reydlərin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxararaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.