REGİONLAR
Siyəzənli boksçular regional kubokun qalibi olublar VİDEO
Siyəzən, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə keçirilən regional boks turnirində 60-dan çox yeniyetmə idmançı qalib adı uğrunda mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, SSRİ-nin əməkdar idman ustası Vahid Əhmədovun xatirəsinə həsr olunan turnirdə Siyəzənlə yanaşı, Sumqayıt, Quba və Şabran boksçuları da qatılıb.
İki gün davam edən yarışda yeniyetmə və gənc boksçular 15 çəki dərəcəsində yarışıblar. Gərgin mübarizə şəraitində keçən döyüşlərdən sonra 11 qızıl medal qazanan Siyəzən boksçuları komanda hesabında birinci olub. Sumqayıt təmsilçiləri ikinci, Şabran boksçuları üçüncü yerdə qərarlaşıblar.
Qalib komanda kubokla, idmançılar isə medal və diplomlarla mükafatlandırılıb.