REGİONLAR
Siyəzənli fəal gənclər fəxri fərmanlarla təltif ediliblər
Siyəzən, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Gələcək gənclərindir” mövzusunda keçirilən “dəyirmi masa”da 50-yə yaxın fəal gənc iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibətilə təşkil olunub.
Gənclər Mərkəzində təşkil olunan “dəyirmi masa”da çıxış edənlər Azərbaycan gənclərinin müasir, inkişaf etmiş və yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlət gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıblar.
YAP Siyəzən rayon Təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov, şəhər 6 saylı lisey-məktəbin tarix müəllimi Pərvin Ağasıyev və başqaları çıxış edərək bildiriblər ki, 22 il bundan əvvəl Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması ilə ölkəmizdə gənclər siyasətinin əsası qoyulub. Bu hadisə respublika gənclərinin bütün sahələrdə inkişafına böyük təkan verib. Nazirlik tərəfindən bu müddətdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir çox işlər görülüb. Ötən dövrdə respublikanın regionlarında olimpiya idman komplekslərinin şəbəkəsi daha da genişləndirilib, gənclərin bədən tərbiyəsi və idmanla məşğulluğu sahəsində kütləvilik müşahidə edilib.
Tədbirdə gənclərlə müxtəlif mövzularda müzakirələr aparılıb, dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdikləri fəallığa görə bir neçə gənc fəxri fərmanlarla təltif edilib.