REGİONLAR
Siyəzənli gənclər ictimai fəaliyyətə cəlb olunur
Xaçmaz, 18 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti maarifləndirmə tədbiri Siyəzən rayon Gil-gil çay qəsəbə tam orta məktəbində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu bildirilib. Qeyd olunub ki, proqramın əsas məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa həvəsləndirilməsi, onların ictimai fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Qəsəbə gənclərini bir araya toplayan maarifləndirmə tədbiri “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə başlayıb. Gənclər proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumatlandırıldıqdan sonra təlim sessiyasına start verilib. “Layihələrin yazılması və idarə olunması” mövzusunda keçirilən təlim zamanı gənclərə bir sıra biliklər aşılanıb.
Təlimlər zamanı iştirakçılar həmçinin praktiki məşğələlərdə, komanda oyunlarında iştirak edib, əldə etdikləri məlumatlar barədə müzakirələr aparıblar.
Təlimin sonunda iştirakçılar təltif ediliblər.