REGİONLAR
Siyəzənli məzuna 700 bal üçün cəmi bir doğru cavab çatmadı VİDEO
Siyəzən, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Bu günə kimi keçirilən imtahanlarda şimal bölgəsi üzrə ən yüksək bal toplayan məzun Siyəzən məktəblisidir.
AZƏRTAC xəbər verir ki, Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin məzunu İlkin Ələkbərov iyulun 14-də keçirilən qəbul imtahanında 695 bal toplayıb. Rus dili fənndindən cəmi bir suala düzgün cavab yazmaması onun maksimum - 700 bala çatmasına əngəl olub.
İlkin Ələkbərov II ixtisas qrupu üzrə keçirilən ilk imtahanda 583 bal toplamağa müvəffəq olmuşdu. Növbəti sınağa daha yaxşı hazırlaşan məzun valideynlərinin və müəllimlərinin də ümidlərini doğruldub.
Yüksək nəticə göstərən məzun bildirib ki, imtahanda uğur qazanmaq üçün günün çox hissəsini dərs oxumağa sərf edib. Telefondan və sosial şəbəkələrdən isə uzaq durub. İlkin məktəb illərində də bir çox uğur qazanıb. Dəfələrlə rayon fənn olimpiadalarının və respublika üzrə keçirilən intellektual yarışların qalibi olub.
İlkin Ələkbərov idmanla da məşğul olur. O, cüdo güləşi üzrə bir çox yarışların birincisi olmağı bacarıb.
695 bal toplayan İlkin təhsilini Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam etdirmək istəyir.