REGİONLAR
Siyəzənli qadınlar genişmiqyaslı maarifləndirmə layihəsindən faydalanıblar VİDEO
Siyəzən, 14 avqust , Elxan Yusifli, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir avqustun 14-ü Siyəzən şəhərində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Siyəzən Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva layihənin məqsədi, eləcə də Azərbaycanın ailə dəyərləri haqqında məlumat verib. Bildirilib ki, ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparılır və bu sosial qrupa aid olanlar hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər. O, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini və belə layihələrin sağlam ailə mühitinin formalaşmasında böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən ekspertlər ailənin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, gənclərin fiziki hazırlığının önəmi, demoqrafik vəziyyət, ailə–məktəb münasibətlərinin düzgün təşkili, ailə büdcəsinin idarə olunması, ailə və cəmiyyətdə etik davranış qaydaları haqqında danışıblar.
Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, ekspertlərin sualları cavablandırılıb.
İştirakçılara Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirmə vəsaitləri paylanılıb.