REGİONLAR
Siyəzənli seçicilər bələdiyyə seçkilərində fəal iştirak edəcəklər
Siyəzən, 18 dekabr, AZƏRTAC
Siyəzəndə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov təbliğat-təşviqat kampaniyasının başlandığı vaxtdan indiyədək görülən işlərdən, bələdiyyələrin idarəetmədə rolundan və əhəmiyyətindən danışıb.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, sıraları kəmiyyət və keyfiyyət baxımından günbəgün genişlənən Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkənin, hətta regionun ən böyük siyasi təşkilatıdır.
V.Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün siyasi kampaniyalarda olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirir. Partiya tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin böyük bir hissəsini gənclər və qadınlar təşkil edir. Bu o deməkdir ki, partiya rəhbərliyi gənclərə etimad edir, onların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətini daha da canlandırmaq istəyir. YAP Siyasi Şurasının üzvü əmin olduğunu bildirib ki, siyəzənli seçicilər də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
YAP İcra Katibliyinin əməkdaşı Araz Xudadanov, partiyanın Siyəzən rayon təşkilatı qadınlar şurasının sədri Ramilə Seyidova, gənclər birliyinin sədri Rəşad Rəhmanov, rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev, bələdiyyə üzvlüyünə namizədlərdən Azər Babayev, Əsbə İmanova seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.