ELM VƏ TƏHSİL


Skiflərin Azərbaycan tarixindəki roluna həsr olunan doktorluq dissertasiyası müzakirə edilib

Bakı,18 may, AZƏRTAC

Skiflər Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş qədim tayfa ittifaqlarından biridir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Skiflər və onların Azərbaycan tarixində yeri” mövzusundakı doktorluq dissertasiyasının müzakirəsində deyib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, dissertasiya işinin müəllifi, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur. Onun elmi məsləhətçisi Praqa şəhərindəki Karl Universiteti Klassik Arxeologiya İnstitutunun professoru Yan Bouzekdir.

Z.Həsənov ilk dəfə “çar skiflər” və “şişpapaq saklar”ın etno-dil mənsubiyyətini araşdırıb. O, əsərlərində “çar skiflər”in və “şişpapaq saklar”ın türk mənşəli olmasını sübut edib.

Xatırladaq ki, Aşquz dövlətini “çar skiflər”, Sakasena dövlətini isə “şişpapaq saklar” yaradıb. Bu dövlətlər eramızdan əvvəl VII-IV əsrlərdə Cənubi Qafqazda mövcud olub.

Tədqiqatçı elmi araşdırmasında skiflərlə əlaqədar Azərbaycanda nəşr olunmuş elmi əsərlərdən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivindən və Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondundan istifadə edib. Alim dissertasiyasında skiflərlə bağlı Azərbaycandakı arxeoloji tapıntıları və onların dəfn adətlərini Macarıstan, Ukrayna, Rusiya və Qazaxıstandakı analoji materiallarla müqayisə edib.

Qeyd edək ki, Z.Həsənov “şişpapaq saklara” məxsus İssık yazısını oxuyub və bununla bağlı araşdırması Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Şərqin epiqrafikası” (“Epiqrafika Vostoka”) jurnalında dərc edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.