ELM VƏ TƏHSİL
Slovakiya Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıqda maraqlıdır
Bratislava, 12 aprel, AZƏRTAC
Azərbaycanın Slovakiyadakı diplomatik nümayəndəliyinin rəhbəri və müvəqqəti işlər vəkili Cəfər Hüseynzadə Slovakiyanın təhsil, elm, tədqiqat və idman naziri Peter Plavçan ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Slovakiyanın Təhsil, Elm, Tədqiqat və İdman Nazirliyi arasında ali və peşə təhsili, elm və tədqiqat sahələrində əməkdaşlıq haqqında saziş layihəsinin baxılma prosesinin sürətləndirilməsi və imzalanması, müxtəlif peşə və sahələr üzrə iki ölkənin təhsil ocaqları arasında əlaqələrin qurulması, o cümlədən təhsil nazirləri səviyyəsində qarşılıqlı səfərlər barədə məsələlər müzakirə edilib.
Azərbaycanın Slovakiyadakı diplomatik nümayəndəliyindən verilən məlumata görə, görüşdə Slovakiya tərəfinə baxılması üçün təqdim edilmiş saziş layihəsinin yaxın günlərdə imzalanmasının mümkünlüyü barədə məlumat verən P.Plavçan bu prosesin tamamlanması üçün nazirlik daxilində işçi qrupunun yaradıldığını bildirib.
Tərəflər ölkələr arasında elm, təhsil və tədqiqat sahələrində əməkdaşlığa dair böyük maraq və tələbatın olduğu üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Konstatin Filolosofa adına Slovakiya Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müddəti başa çatmış memorandumun vaxtının uzadılması ilə bağlı danışıqların aparılması barədə razılığa gəliblər.
Xatırladaq ki, hazırda Azərbaycanın və Slovakiyanın Kənd Təsərrüfatı universitetləri arasında əlaqələrin qurulması ilə bağlı əməkdaşlıq haqqında memorandumun layihəsinin müddəaları hər iki ölkənin müvafiq təhsil ocaqları tərəfindən müzakirə edilir.
İki ölkənin elm və tədqiqat sahəsində əlaqələri nəzərdən keçirilərkən qeyd edilməlidir ki, Azərbaycanın Slovakiyadakı diplomatik nümayəndəliyinin təşəbbüsü əsasında Azərbaycanın Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Slovakiyanın “Agrobiotech” Araşdırmalar Mərkəzi” arasında əməkdaşlıq qurulmaqdadır. Əməkdaşlıq haqqında memorandum baxılması üçün artıq Azərbaycan tərəfə təqdim edilib. Həmçinin MDB-nin aparıcı aqrar universitetlərinin rektorları şurasının aprelin 18-dən 22-dək Bakıda keçiriləcək toplantısında Slovakiya tərəfi qonaq qismində iştirakını təsdiqləyib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava