İDMAN
Slovakiya "Avro-2016"da ikinci oyununda Rusiya yığmasını məğlub edib VİDEO
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 15-də - futbol üzrə XV Avropa çempionatının altıncı gününün ilk matçında "B" qrupunda yer alan Slovakiya və Rusiya yığma komandaları üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, Lill şəhərindəki "Pyer Moro" stadionunda keçirilən görüşü sloveniyalı referi Damir Skomina idarə edib.
Qrup mərhələsinin birinci turunda Slovakiya 1:2 hesabı ilə Uelsə məğlub olmuşdu. Rusiya isə İngiltərə ilə 1:1 heç-heçə etmişdi. Slovakiya bu qarşılaşmada mütləq qələbə qazanmalı olsa da, oyuna ehtiyatla başlayıb. Rəqibi əsasən, əks-hücumlarda yaxalamağa çalışan slovakiyalılar istəklərinə 32-ci dəqiqədə çatıblar. Hamsikin ötürməsindən sonra rusiyalıların cərimə meydançasına daxil olan Veiss ani hərəkətlə yaxınlıqda olan iki müdafiəçini aldadaraq zərbə mövqeyinə çıxıb və topu uzaq küncə göndərib - 1:0.
Qoldan sonra rusiyalılar hesabı bərabərləşdirmək üçün təzyiqi artırsalar da, növbəti qolu öz qapılarında görüblər. İlk hissənin sonunda - 45-ci dəqiqədə künc zərbəsindən ötürülən topu qəbul edən Hamsik qapını dəqiq nişan alaraq çempionatın ən gözəl qollarından birinin müəllifi olub - 2:0.
Matçın 80-ci dəqiqəsində slovakiyalı müdafiəçinin səhvindən istifadə edən rusiyalıların təşkil etdikləri gözəl hücumu Qluşakov başla dəqiq tamamlayaraq hesab arasındakı fərqi azaldıb - 2:1.
Bu qoldan sonrakı hissə Rusiya millisinin aşkar üstünlüyü şəraitində keçib. Lakin rusiyalıların bütün cəhdlərinə baxmayaraq, hesab bərabərləşməyib və Slovakiya millisi 2:1 hesabı ilə qalib gəlib.
Bu qrupun digər oyununda - iyunun 16-da İngiltərə və Uels milliləri qarşılaşacaq.