DÜNYA


Slovakiya ordusunda külli miqdarda silah-sursat yoxa çıxıb

Bratislava, 4 iyul, AZƏRTAC

Slovakiya ordusunun cəbbəxanalarından yoxa çıxan hərbi materiallarla bağlı qalmaqal getdikcə böyüməkdədir.

Hələ bu ilin aprel ayında ordunun arsenalından 10 tank əleyhinə qumbaraatan və 120 əl qumbarası, eləcə də müxtəlif atıcı silahlar üçün yüz minlərlə patronun yoxa çıxması müəyyən edilib. Yeni faktlar əsasında ordunun sərəncamında olan avtomat, pulemyot və sair hərbi sursatların oğurlanması öz təsdiqini tapıb. Müdafiə Nazirliyi hazırda aparılan təhqiqatları əsas gətirərək, faktlarla bağlı açıqlama verməsə də ölkə Prezidenti Andrey Kiska vəziyyətin çox ciddi olduğunu bildirib. O qeyd edib ki, orduda baş verən bu kimi halların ordunun dövlət və vətəndaşları ümumiyyətlə necə qorumaq istəməsi sualını ortaya qoyur.

Müdafiə naziri Peter Qaydoş açıqlamasında Milli Kriminalistika Agentliyinin təhqiqatları yekunlaşana kimi gözləmək lazım gəldiyini bildirib. Nazir, həmçinin qeyd edib ki, gələcəkdə hərbi anbarların mülki təhlükəsizlik xidmətləri tərəfindən deyil, hərbi qulluqçular tərəfindən qorunması məsələsinə baxılacaq. 2006-cı ildə Slovakiyada hərbi mükəlləfiyyət ləğv edildikdən və peşəkar ordu sisteminə keçdikdən sonra xərcləri azaltmaq məqsədilə orduya mülki xidmətlərin cəlb edilməsi qərara alınıb.

Aprel ayında ilk faktlar məlum olduqdan sonra ekspertlər silah-sursatın asanlıqla təhlükəli qruplar və terrorçuların əlinə keçə biləcəyinə dair həyəcan təbili çalıblar. Eyni zamanda, Slovakiya ötən illərdə hərbi materialın asanlıqla qara bazara yol tapdığı ölkə kimi mənfi imic qazanıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.