SİYASƏT
Slovakiyada “Avrasiya qitəsində münaqişə zonaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir VİDEO
Bratislava, 30 may (AZƏRTAC). Slovakiyanın Piesçanı şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Slovakiyanın Təhsil, Elm və İdman Nazirliyinin himayəsi, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun və Slovakiyanın Dunay Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiya qitəsində münaqişə zonaları” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı Slovakiya Təhsil, Elm və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Peter Plavçan açmışdır.
Sonra Dunay Universitetinin rektoru Miroslav Daniş, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Slovakiyadakı fəxri konsul Cəlal Qasımov çıxış etmişlər.
İki gün davam edən beynəlxalq elmi konfransda 30-a yaxın məruzə dinlənilib müzakirə olunmuşdur. Məruzələrdə münaqişələri doğuran səbəblər, “qaynar nöqtələr”dəki qarşıdurmaların xarakteri və mahiyyəti, tarixi kökləri, münaqişələrin dinc yolla aradan qaldırılma imkanları barədə fikir mübadiləsi aparılmışdır. Ermənistanın işğalçı siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinə, Ukraynada cərəyan edən hadisələrə diqqət yetirilmişdir. Slovakiyalı alimlər Lukaç Rubarın və Lubitsa Harbulovanın məruzələri çağdaş Azərbaycan tarixinin bu səhifələrinə həsr edilmişdir. Səfir Vilayət Quliyev və fəxri konsul Cəlal Qasımov konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermiş, bir sıra sualları cavablandırmışlar.
Beynəlxalq konfrans çərçivəsində, həmçinin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun dəstəyi ilə slovak dilində çap edilmiş, müəllifləri Miroslav Daniş və Lukaç Rubar olan “Azərbaycan tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava