ELM VƏ TƏHSİL
Slovakiyanın elmi-tədqiqat qurumları Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Bratislava, 16 mart, AZƏRTAC
Genetik texnologiyalar, aqrobiologiya, bioenerji, bioiqtisadiyyat, habelə kənd təsərrüfatı məhsullarının və qida sənayesinin emalı üzrə Avropa İttifaqı dövlətləri siyahısında qabaqcıl yerlərdən birini tutan Slovakiyanın elmi-tədqiqat qurumları Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
Azərbaycanın Slovakiyadakı diplomatik nümayəndəliyindən bildiriblər ki, nümayəndəlik tərəfindən bu ölkənin kənd təsərrüfatı sahəsində mövcud olan elmi və texniki imkanları barədə hazırlanmış hesabat və əməkdaşlığa dair irəli sürülmüş təkliflər Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müsbət qarşılanıb, Slovakiya Dövlət Kənd Təsərrüfatı Universiteti (SDKTU), habelə “Agrobiotech” Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq haqqında sənədlərin imzalanmasına razılıq verilib.
Bu məqsədlə Azərbaycanın Slovakiyadakı müvəqqəti işlər vəkili C.Hüseynzadənin bu ölkənin Nitra regionuna növbəti səfəri çərçivəsində SDKTU-nun rektoru Peter Beylik və “Agrobiotech” Araşdırmalar Mərkəzinin direktoru Tatyana Boynanska ilə aparılmış danışıqlar nəticəsində hər iki qurumla imzalanacaq sənədlərin layihələri Azərbaycan tərəfdən nəzərdən keçirilməsi üçün hazırlanıb.
Əməkdaşlıq haqqında sənəd layihəsinin birinin SDKTU ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında digərinin isə “Agrobiotech” Araşdırmalar Mərkəzi ilə Elmi-Tədqiqat Əkinçilik İnstitutu arasında imzalanması nəzərdə tutulur. Azərbaycanda hər iki qurum Kənd Təsərrüfatı Nazirliyinin nəzdindədir.
Həmçinin MDB-nin aparıcı aqrar universitetlərinin rektorları şurasının aprelin 18-dən 22-dək Bakıda keçiriləcək toplantısında Slovakiya tərəfi qonaq qismində iştirakını təsdiqləyib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava