SİYASƏT
Sloveniya Dövlət Şurasının sədri Bakıya səfər edəcək VİDEO
Lyublyana, 12 fevral, A.Həsənova, A.Rzayev, AZƏRTAC
Sloveniya Dövlət Şurasının sədri Mitya Bervar AZƏRTAC-ın bu ölkəyə ezam olunmuş əməkdaşlarına müsahibəsində deyib ki, o, bu ilin martında Bakıya səfər edəcək. M. Bervar deyib ki, səfər Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti və Sloveniyanın Bakıdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutacaq. Səfər çərçivəsində Azərbaycanda Sloveniya mədəniyyət günləri keçiriləcək, turizm, iqtisadiyyat və humanitar sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcək görüşlər təşkil olunacaq.
Ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafından danışan sədr bunun digər sahələrdə də münasibətlərin genişlənməsinə şərait yaratdığını söyləyib. O, Azərbaycan və Sloveniya qanunverici orqanları arasında əməkdaşlığın yüksəldilməsi istiqamətində ciddi addımların atıldığını diqqətə çatdırıb.
Azərbaycanın özünəməxsus inkişaf yolu olduğunu deyən Dövlət Şurasının sədri iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O, əlaqələrimizin daha da inkişafında Sloveniyanın Azərbaycandakı fəxri konsulluğunun töhfələrini xüsusi vurğulayıb. Mitya Bervar əmin olduğunu bildirib ki, qarşılıqlı səfərlərin təşkili, fikir mübadiləsinin aparılması hərtərəfli əməkdaşlığın inkişafına töhfələrini verəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Bervar problemin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.