DÜNYA
Sloveniya parlamenti içməli suyu təməl hüquqlar sırasına daxil edib
Lyublyana, 18 noyabr, AZƏRTAC
Sloveniya Avropa İttifaqında ilk dövlət olaraq içməli sudan istifadə hüququnu konstitusiya ranqına qaldıraraq təməl hüquqlar sırasına daxil edib. Ölkə parlamentinin deputatları konstitusiyaya əlavə fəslin daxil edilməsinə dair qərarı yekdilliklə dəstəkləyiblər. Həmin fəsildə “hər bir şəxsin içməli sudan istifadə hüququ” olduğu göstərilib və içməli suyun “əmtəə olmadığı” qeyd edilib. Əhalinin içməli su ilə təchizatı dövlət tərəfindən bələdiyyələr vasitəsilə həyata keçirilməli və bu, “birbaşa və qeyri-kommersiya” formasında olmalıdır.
Bununla da içməli su mənbələri və içməli su ilə təchizatın özəlləşdirilməsinə dair ölkədə uzun müddətdən bəri aparılan müzakirələrə son qoyulub. Müxtəlif cəmiyyətlər tərəfindən özəlləşdirməyə qarşı qaldırılan təşəbbüsə Baş nazir Miro Tserarın rəhbərlik etdiyi mərkəz-solçu hökumət də qoşulub.
Parlamentdə aparılan müzakirələrdə çıxış edən M.Tserar deputatları “XXI əsrin maye qızılı”nı ən yüksək hüquqi müdafiə ilə təmin etməyə çağırıb.
İndiyədək dünyanın 15 ölkəsində içməli sudan istifadə konstitusiya ranqlı təməl hüquq kimi qəbul edilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana